30 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilən CAREC Biznes Forum 2026 çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (AR TSP) Palatalar Alyansının (CCA) yaradılması haqqında Memorandumu imzalayıb.
Memorandum CAREC regionu ölkələrinin milli ticarət və sənaye palataları, eləcə də aparıcı biznes assosiasiyaları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə imzalanıb.
Sənədin əsas məqsədi CAREC regionunda özəl sektorun vahid platforma ətrafında birləşdirilməsi, biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional iqtisadi əməkdaşlıq proseslərində özəl sektorun iştirakının artırılmasıdır.
CAREC Chambers Alliance çərçivəsində üzv qurumlar arasında məlumat və biznes təcrübəsinin mübadiləsi, işgüzar əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin təşviqi, ticarət və investisiya imkanlarının artırılması istiqamətində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
AR TSP-nin Alyansın təsisçi üzvlərindən biri kimi iştirakı Azərbaycan biznes ictimaiyyətinin CAREC regionu ölkələrinin biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli addımdır.
Memorandum üç il müddətinə imzalanıb və tərəflərin CAREC regionunda özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətini nəzərdə tutur.

.jpeg)


