14 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.

 
Tədbirdə hər ölkənin rəsmi şəxsləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində  fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
 
Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov üç ölkə arasındakı iqtisadi münasibətlər, beynəlxalq əlaqələrin inkişafı, Böyük Zəfərdən sonra qonşu ölkələr ilə yeni layihələrdə əməkdaşlıq, pandemiya və onun yaratdığı məhdudiyyətlərlə bağlı görülən işlər, Azərbaycanın əlverişli investisiya və biznes mühiti və digər məsələlər barədə ətraflı çıxış edib.
 
Türkiyənin ticarət naziri Mehmet Muş üçtərəfli əməkdaşlığın regional inteqrasiyaya və xalqlarımızın rifahına töhfə verdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı mexanizmlərinin genişləndiriliməsinin, tərəfdaşlığımızın gücləndirilməsi üçün iqtisadi potensialımızın tam həcmdə reallaşdırılmasının önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycandakı əlverişli biznes və investisiya mühiti Türkiyə şirkətlərinin uğurla fəaliyyət göstərməsinə şərait yaradır. 
 
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana səfəri barədə yüksək fikirlərini ifadə edib, ölkəmizin və Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu bildirib. Gürcüstan iqtisadiyyatı barədə məlumat verən Natia Turnava yeni birgə təşəbbüslərin və layihələrin reallaşdırılmasının regional əməkdaşlığı genişləndirməklə, hər üç ölkənin iqtisadi münasibətlərinə müsbət təsir edəcəyəyini vurğulayıb.
 
 
Biznes forum çərçivəsində Azərbaycan  Respublikası Ticarət və Sənaye Palatası ilə Gürcüstan Ticarət və Sənaye Palatası (GCCİ), Azpromo ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Birliyi (MESS) arasında anlaşma memorandumları, həmçinin "AzŞəkər" və "AgroBay Seracılık İthalat Sanayi ve Ticaret" şirkəti arasında razılaşma memorandumu imzalanıb.
 
Tədbir hər üç ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi ilə davam edib.
 
 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın