06 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev ilə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam arasında görüş keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası 2024-cü il dekabrın 19-da Qahirədə keçirilən XI Sammit zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Görüş zamanı təşkilatın fəaliyyəti, funksiyaları və üzv dövlətlərlə (Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə) mövcud münasibətlər müzakirə edilib. ARTSP-nin D-8 Ticarət və Sənaye Palataları təşkilatına üzvlüyü məsələsi də gündəmə gətirilib. Bu addımın Azərbaycan iş adamlarının D-8 ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyi vurğulanıb.
Görüşdə, həmçinin, D-8 çərçivəsində ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı sərmayələrin təşviqi məsələləri diqqət mərkəzində olub.