25-28 fevral 2025-ci il tarixlərində Moldovanın Kişinyov şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Moldova Respublikası Ticarət Palatasının (MTP) birgə təşkilatçılığı ilə "Rəqəmsal Ticarət və Dayanıqlı Nəqliyyat" mövzusunda Beynəlxalq Qış Akademiyası keçirilib. Tədbirdə MTP-nin dəvəti və GİZ-in dəstəyi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri Nazim Bayandurov və Emil Mehdiyev iştirak ediblər.

Üç gün davam edən tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Baltikyanı və Şərqi Avropa bölgələrindən ticarət və nəqliyyat sahəsində fəaliyyət göstərən assosiasiyaların, beynəlxalq təşkilatların və gömrük qurumlarının nümayəndələri rəqəmsallaşdırma sahəsində əldə etdikləri bilik və təcrübələri bölüşüb, geniş fikir mübadiləsi aparıblar. Rəqəmsal ticarətin inkişafı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və dayanıqlı nəqliyyat infrastrukturunun qurulması kimi aktual məsələlər tədbirin əsas müzakirə mövzuları olub.

Tədbir çərçivəsində ARTSP və Moldova Ticarət Palatası arasında ikitərəfli görüş keçirilib. Görüşdə palatalar arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib. Bu razılaşma ticarət dövriyyəsinin artırılması, birgə biznes forumlarının keçirilməsi və tərəflər arasında qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsini hədəfləyir.

Bundan əlavə, ARTSP nümayəndələri Gürcüstan, Litva və Qazaxıstanın Ticarət Palataları və Assosiasiyalarının təmsilçiləri ilə görüşlər keçirib. Bu görüşlərdə gələcək əməkdaşlıq perspektivləri, o cümlədən qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın