Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə Türkiyədə fəaliyyət göstərən Eqe Soyutma Sənayeçiləri və İşadamları Dərnəyindən Azərbaycana səfər etmiş 15 nəfərlik iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı.
Görüş zamanı sıx dostluq münasibətində olan iki ölkə arasındakı ticari əlaqələri daha da gücləndirmək, iş adamları arasında birgə iş birliyinin yaradılması və digər məsələlər geniş müzakirə olundu. Azərbaycanın tikinti şirkətləri ilə yaxından maraqlanan iş adamları, Palatanın həqiqi üzvləri və digər tikinti şirkətləri ilə görüşmək arzusunda olduqlarını da bildirdilər. Səmimi dostluq şəraitində keçən görüş Türkiyə-Azərbaycan iş adamlarını arasındakı əlaqələri daha da genişləndirilməsi üçün növbəti bir addım oldu.