Sentyabr ayının 1-də Niderland Krallığının Venlo şəhərində təşkil olunmuş “Floriade 2012” beynəlxalq sərgisində Azərbaycan Respublikasının Milli Günü qeyd olunmuşdur. Tədbirdə respublikamızın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov başda olmaqla, rəsmi heyət iştirak etmişdir. Nümayəndə heyətinə Kənd Təsərrufatı nazirinin müavini İlham Quliyev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” diaspora cəmiyyəti və bir sira diaspora nümayəndələri də daxil olmuşlar. Bununla yanaşı, tədbirdə Holland tərəfindən Niderland Parlamentinin deputatı, 1-ci CDA partiyasının üzvü, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri cənab Rene van der Linden, “Floriade 2012” sərgisinin Baş komissarı cənab Gabor, “Floriade 2012” sərgisinin baş direktoru cənab Beck, Niderlandın Valkenburg bələdiyyəsi başçısının təhsil, səhiyyə və sosial rifah sahələri üzrə birinci müavini cənab Dauven, Niderlandın Gennep bələdiyyəsinin başçısı xanım de Loo, Niderland Venray bələdiyyəsinin başçısı cənab Gilissen, Niderlandın Horst aan de Maas bələdiyyəsinin başçısı cənab van Rooij və digər rəsmi şəxslər iştirak etmişdir.

Rəsmi açılış mərasimi Azərbaycan nümayəndə heyəti başçısı Fuad İsgəndərov və cənab Rene van der Lindenin iştirakı ilə Azərbaycan Respublikasının və Niderland Krallığının bayraqlarının qaldırılması və dövlət himninin səslənməsi ilə başlamışdır. “Şərəfli Qonaqlar Kitabını” imzalayan Fuad İsgəndərov, cənab Rene van der Linden və digər rəsmi şəxslər açılış mərasimində nitq söyləmiş, Azərbaycan Respublikasının bu sərgidə iştirakı çox yüksək dəyərləndirilmiş və Azərbaycan Respublikasının Milli Pavilyonunun “Ən yaxşı pavilyon” nominasiyası üzrə namizədliyi sərgi rəhbərliyi tərəfindən irəli sürüldüyü bildirilmişdir.

Rəsmi nümayəndə heyəti Holland pavilyonunu ziyarət etdikdən sonra rəsmi açılışda iştirak edən heyətlə və qonaqlarla bərabər Azərbaycan pavilyonunda olmuşlar. Pavilyonun dizayn və tərtibatı, Azərbaycan haqqında məlumatlar, tarixi-milli ənənələri əks etdirən suvenirlər və xalçalardan ibarət kiçik stend də qonaqlarda xoş təəssürat yaratmışdır.

Eyni vaxtda üç monitorda gedən respublikamız haqqında reklam video materialları Azərbaycanın yüksək dinamik inkişafını əks etdirir və ziyarətçilərin marağına səbəb olur.

“Floriade 2012” sərgisinin ərazisində yerləşən ən böyük açıq səhnədə Azərbaycandan gəlmiş incəsənət ustalarının konserti olmuş və minlərlə ziyarətçi incəsənət ustalarının çıxışlarını gur alqışlarla qarşılamışlar. Ziyarətçilərə ölkəmiz haqqında məlumat xarakterli suvenirlər və informasiya kataloqları, broşurlar paylanmışdır.

Günün ikinci yarısında Niderland və Azərbaycan iş adamlarından ibarət ikitərəfli işgüzar görüş keçirilmişdir. Görüşdə hər iki ölkə haqqında təqdimatlar təqdim olunmuş, iş adamları öz fəaliyyətləri barədə məlumatlar vermişlər.

Tədbirin sonunda Azərbaycanın “Floriade 2012” sərgisində uğurla keçən Milli Günü münasibəti ilə ziyafət verilmişdir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın