20 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Honq Konq Ticarətin İnkişafı Şurasının (HKTDC) birgə təşkilatçılığı ilə “Honq Konq 2025/26 – imkanlar və əməkdaşlıq” mövzusunda seminar keçirilmişdir.

Tədbirin əsas məqsədi Azərbaycan şirkətlərini Çin Xalq Respublikasının bazarlarına çıxışda Honq Konqun strateji rolu, eləcə də investisiya, ticarət və sərgi sahələrində mövcud imkanlar barədə praktik və faydalı məlumatlarla təmin etmək, eyni zamanda yeni biznes əlaqələrinin qurulmasına dəstək göstərmək olmuşdur.

Seminar çərçivəsində iştirakçılara Çinlə beynəlxalq ticari-iqtisadi münasibətlərin inkişaf tendensiyaları və bu prosesdə Honq Konqun rolu, Azərbaycan şirkətləri üçün Honq Konqda investisiya və əməkdaşlıq mühitinin üstünlükləri, təchizatçıların axtarışı və biznesin təşkili üzrə praktiki dəstək mexanizmləri barədə ətraflı təqdimatlar edilmişdir. Həmçinin 2025–2026-cı illərdə Honq Konqda keçiriləcək beynəlxalq sərgilər və biznes tədbirləri haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Seminarda 60-dan çox yerli və xarici nümayəndə, o cümlədən sahibkarlar, biznes strukturlarının və müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak etmişdir. Tədbir qarşılıqlı fikir mübadiləsi və potensial əməkdaşlıq imkanlarının müzakirəsi baxımından məhsuldar platforma olmuşdur.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın