Ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlər, ölkələrimiz arasında iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq əlaqələri müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır. Bakıda olmağından məmnunluğunu bildirən İrman Qusman Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləmişdir. Regionda Azərbaycanın güclü mövqeyi haqqında geniş məlumata malik olduğunu deyən qonaq İndoneziyanın iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Azərbaycan ilə İndoneziya arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyən İrman Qusman hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının genişlənməsinin vacibliyini vurğulamışdır. Qonaq qeyd etmişdir ki, ölkələrimizin ticarət və sənaye palatalarının əməkdaşlıq imkanlarının genişləndirilməsini istəyirik. Palatalar əlaqələrini yüksək səviyyədə qurmalıdırlar.
İrman Qusman İndoneziyanın iqtisadiyyatı haqqında da ətraflı məlumat vermişdir. Azərbaycanda iqtisadi, ticari və digər sahələrin dinamik inkişafından danışan Niyaz Əlizadə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləmiş, iqtisadi, ticari əlaqələrin inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırmışdır.
Niyaz Əlizadə bildirmişdir ki, hər iki ölkənin ticarət və sənaye palataları arasında əməkdaşlıq haqqında saziş imzalana bilər. Həm Azərbaycanda, həm də İndoneziyada biznes ilə bağlı qarşılıqlı sərgilər təşkil etmək mümkündür. Palataların sıx əməkdaşlığı münasibətlərimizin inkişafına töhfə verəcəkdir.