2 mart 2015-ci il tarixində Bakıda Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin iştirakı ilə Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Pakistanın İnvestisiya İdarəsinin katibi İftixar Hüseyn Babar, Pakistan Ticarət Nazirliyinin Ticarətin İnkişafı İdarəsinin katibi xanım Rabiya Javeri Ağa, Pakistan Su və Elektrik Enerjisi Nazirliyinin Özəl Elektrik Enerjisi İnfrastrukturu İdarəsinin nümayəndəsi Mir Adil Həmid, Pakistanın Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Muhammad Vasim Vohran və başqaları biznes və investisiya imkanlarına, iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinə dair təqdimatlarla çıxış etdilər.
Biznes forumda qeyri-neft məhsullarının ixracı, Azərbaycanda yaradılan sənaye parklarında iştirak, qarşılıqlı şəkildə infrastruktur layihələrinin icrası və mövcud infrastrukturdan istifadə, tranzit, kənd təsərrüfatı, kimya, turizm və s. sahələrdə əməkdaşlıq, biznes forumların, sərgi və yarmarkaların təşkili məsələləri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan və Pakistan iş adamları arasında ikitərəfli görüşlər keçirildi.
Görüşlərdə kənd təsərrüfatı, sənaye, toxuculuq, səhiyyə və əczaçılıq, kimya sənayesi, ticarət, tikinti materialları, idman malları və məişət texnikası istehsalı, qida və mədənçıxarma sənayesi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması məsələləri müzakirə olundu.
Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalandı.