09 aprel 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında (AR TSP) Moldova nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə AR TSP-nin prezidenti Niyaz Əlizadə, Moldova Respublikasının İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Dövlət Katibi Viorel Qaraz, eləcə də Moldova Kənd Təsərrüfatı Müdaxilələri və Ödənişlər Agentliyinin rəhbər şəxsləri iştirak etmişlər.
Tərəflər arasında keçirilən səmərəli fikir mübadiləsi zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və sənaye palataları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunmuşdur. Həmçinin, Moldovaya birbaşa investisiyaların cəlbi və bu sahədə tətbiq edilən mexanizmlər haqqında ətraflı məlumat verilmiş, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və həmin ərazilərə yönəlmiş investisiyalarla bağlı fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində kənd təsərrüfatı və nəqliyyat sektorlarında əməkdaşlıq imkanları vurğulanmış, eləcə də müxtəlif sahələri əhatə edəcək birgə biznes missiyaların təşkili təşəbbüsləri diqqət mərkəzində olmuşdur.