24 oktyabr 2019-cu il tarixində Türkiyənin İzmir Ticarət Palatasının təşəbbüsü və AR TSP-nin dəstəyi ilə Palatada türkiyəli iş adamları və İzmir Ticarət Palatasının nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirildi. Türkiyəli nümayəndələr AR TSP-nin vitse-prezidenti Nazim Tatliyev tərəfindən qarşılandı. Səmimi dostluq şəraitində keçən görüşdə, iki ölkə arasındakı iqtisadi münasibətlər, İzmir regionunda və o cümlədən, Azərbaycandakı biznes mühit, sərgilər, yarmarkalar və s. haqqında geniş müzakirələr aparıldı. Tədbirdə AR TSP-nin üzvlərindən “Bakı Şərab 1” ASC, Unibank ASC və digər müəssisələrin nümayəndələri iştirak edərək, ikitərəfli əlaqələrin yaranması baxımından iş adamları ilə qarşılıqlı fikir mübadiləsi apardılar.
Görüş çərçivəsində gələcəkdə İzmir Ticarət Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında Protokolun imzalanmasına dair təklif irəli sürüldü və hər iki tərəfdən də müsbət qarşılandı.